Jurnal haqqında

UNEC Tələbə Tədqiqatları Jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən nəşr olunan, tələbələr üçün nəzərdə tutulmuş akademik jurnaldır. Jurnal tələbələrin elmi tədqiqatlarının nəticələrini dərc etmək və yaymaq üçün elmi platforma yaratmaq məqsədilə təsis edilmişdir. Bu jurnal UNEC-də tələbələr tərəfindən hazırlanması, redaksiya heyətinin əsasən tələbələrdən ibarət olması və UNEC-də nəşr olunması ilə universitetdə ilk tələbə elmi jurnalıdır. Jurnal 2023-cü ilin dekabr ayından fəaliyyət göstərir.

Jurnalın məqsədi bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələrinin elmi potensialını üzə çıxarmaq, onların elmi tədqiqatlarını dəstəkləmək və nəticələrinin dərcinə şərait yaratmaqdır. Jurnal elmi biliklərin yayılmasına və paylaşılmasında platforma rolunu oynayır və tələbələrin akademik fəaliyyətini stimullaşdırmaqla elmi yaradıcılığın inkişafına töhfə verməyi hədəfləyir.

UNEC Tələbə Tədqiqatları Jurnalı iqtisadiyyat, idarəetmə, texnoloji elmlər və əlaqəli sahələrdə orijinal nəzəri və empirik tədqiqatları qəbul edir. Nəşr olunması üçün jurnala təqdim edilən bütün məqalələr özündə elmi yenilikləri ehtiva etməsi, metodoloji baza, akademik etika və praktik əhəmiyyət meyarları əsasında qiymətləndirilir.